
2024-cü ildə Caspian Engineering Solutions şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunda yerləşən istidəyişdiricilər, su soyuducuları və hava soyuducu sistemləri üzrə genişmiqyaslı texniki təmir və texniki xidmət layihəsini uğurla həyata keçirmişdir. Bu layihə, zavodun texnoloji proseslərinin səmərəliliyini artırmaq, avadanlığın uzunömürlülüyünü təmin etmək və istehsalatın dayanıqlı fəaliyyətinə dəstək olmaq məqsədini daşıyırdı.
Layihə çərçivəsində 56 ədəd istidəyişdirici və soyuducu qurğu zavod ərazisində yerindəcə sökülərək texniki müayinədən keçirilmişdir. Təmir prosesi bir neçə mərhələdə aparılmışdır. İlk olaraq, hər bir avadanlığın açılması, daxili səthlərində yığılıb qalmış çöküntülərin və çirklənmələrin kimyəvi və mexaniki üsullarla yuyulması, sonra isə nasaz və ya köhnəlmiş hissələrin təmiri və ya əvəz olunması təmin edilmişdir.
Avadanlıqlar təmir edildikdən sonra hidrostatik və ya pnevmatik üsullarla sınaqdan keçirilmiş, funksional baxımdan tam hazır vəziyyətə gətirilmiş və yenidən mövcud sistemə təhlükəsiz şəkildə inteqrasiya olunmuşdur. Bütün bu mərhələlər sertifikatlı mühəndis heyətinin nəzarəti altında, sənaye təhlükəsizliyi və texniki normativlərə uyğun şəkildə icra olunmuşdur.

İşlərin həyata keçirildiyi müddətdə həm istehsalatın fasiləsizliyi qorunmuş, həm də işçi heyətin təhlükəsizliyi və ətraf mühitin qorunması ön planda tutulmuşdur. Ən müasir alətlər, diaqnostik avadanlıqlar və texniki metodlardan istifadə olunmaqla, bu mühüm texniki xidmət cəmi 30 təqvim günü ərzində vaxtında və keyfiyyətli şəkildə yekunlaşdırılmışdır.
Layihənin uğurlu icrası Caspian Engineering Solutions şirkətinin sənaye təmir və texniki xidmət sahəsindəki peşəkar potensialını, çevik təşkilati imkanlarını və yüksək texniki standartlara sadiqliyini bir daha nümayiş etdirmişdir.