
2023-cü ildə Caspian Engineering Solutions tərəfindən SOCAR “Kompleks Qazma İşləri” Trestinin Abşeron İstehsalat Bölməsi ilə əməkdaşlıq çərçivəsində “Lökbatan–Puta–Quşxana” yatağında yerləşən 1703 saylı quyuda istifadə olunacaq İdarə Olunan Təzyiqli Qazma (Managed Pressure Drilling – MPD) avadanlığının icarəsi və tam mühəndis dəstəyi xidmətləri uğurla həyata keçirilmişdir.
Layihənin əsas məqsədi yerli geoloji və təzyiq şəraitinin çətinliklərini nəzərə alaraq quyunun təhlükəsiz və idarə olunan şəkildə qazılmasını təmin etmək idi. Bunun üçün xüsusi olaraq seçilmiş MPD texnologiyası, quyudaxili təzyiqlərin real vaxtda idarə olunmasına, qəfil təzyiq dəyişikliklərinin qarşısının alınmasına və qazma prosesinin səmərəli davam etdirilməsinə imkan yaratmışdır.
MPD (Managed Pressure Drilling) – bu, quyudaxili təzyiqin dəqiq və davamlı şəkildə nəzarətdə saxlanıldığı qazma üsuludur. MPD sistemləri, xüsusilə dar təzyiq pəncərəsi olan, yüksək riskli və ya anomal təzyiq sahələrində qazma zamanı təhlükəsizlik və idarəolunma səviyyəsini artırmaq üçün istifadə olunur. Bu texnologiya qazma məhlulunun sıxlığını və axın parametrlərini avtomatik tənzimləyərək qəfil udulmaların, vurulmaların və digər risklərin qarşısını almağa imkan verir.
Layihə çərçivəsində MPD avadanlıqlarının qurulması, konfiqurasiyası, sahə testləri və 24/7 mühəndis nəzarəti Caspian Engineering Solutions-un ixtisaslaşmış komandası tərəfindən təmin edilmişdir. Avadanlığın real vaxt rejimində monitorinqi və idarəetməsi, qazma əməliyyatlarının təhlükəsiz və optimallaşdırılmış şəkildə icrasına şərait yaratmışdır. Bütün proses beynəlxalq standartlara və SOCAR-ın daxili texniki tələblərinə uyğun aparılmışdır.
Layihənin icrası nəticəsində 1703 saylı quyunun qazma prosesi gecikməsiz və təhlükəsizliklə tamamlanmış, quyudaxili anomaliyaların yaratdığı risklər minimuma endirilmiş və qazma xərcləri optimallaşdırılmışdır. MPD texnologiyasının tətbiqi həm texniki, həm də iqtisadi baxımdan mühüm üstünlüklər yaratmışdır.
Caspian Engineering Solutions olaraq bu kimi ixtisaslaşmış mühəndis xidmətləri ilə innovativ texnologiyaların sahə şəraitində effektiv tətbiqinə dəstək verərək yerli enerji sektoruna dəyər qatmağa davam edirik.