
2024-cü ildən etibarən Caspian Engineering Solutions şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda sənaye infrastrukturunun texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalat proseslərinin dayanıqlığının təmin olunması məqsədilə sənaye təmizliyi üzrə kompleks layihənin icrasına başlamışdır. Layihə 3 illik dövrü əhatə edir və hazırda aktiv icra mərhələsindədir.
Layihə çərçivəsində zavodun müxtəlif texnoloji sahələrində yerləşən xətlər və avadanlıqlar üzrə dərin və sistemli təmizləmə işləri aparılır. İlk mərhələdə yeraltı kanalizasiya xətlərinin təmizlənməsi işləri həyata keçirilmiş, bu xətlərdəki illərlə toplanmış çöküntü və axın maneələri aradan qaldırılmışdır. Bu, zavodun kanalizasiya sisteminin daha effektiv və fasiləsiz fəaliyyətinə şərait yaratmışdır.
Bundan əlavə, soba və kükürd xətlərindəki boruların daxili səthlərinin təmizlənməsi işləri aparılmışdır. Bu xətlər, yüksək temperatur və aqressiv kimyəvi mühit səbəbilə zamanla qalıqlarla çirklənmiş olur və bu da istehsalat prosesinə mənfi təsir göstərir. Təmizləmə işləri həmin xətlərin səmərəliliyini və təhlükəsizliyini bərpa etmək üçün vacib addım olmuşdur.

Hava soyuducularının borularında da oxşar təmizləmə prosesi həyata keçirilmiş, boruların daxili səthlərindəki toz, yağ və kimyəvi tortuqlar müasir texnologiyalar vasitəsilə təmizlənmişdir. Bu, soyutma sistemlərinin istilik ötürmə qabiliyyətini artırmış və avadanlıqların istismar ömrünü uzatmışdır.
Layihənin mühüm komponentlərindən biri də yeraltı xətlərin ümumi təmizlənməsi olmuşdur. Bu mərhələdə boruların çöküntülərdən azad edilməsi, hidravlik keçiriciliyinin artırılması və texniki təhlükəsizliyin təmin olunması məqsədilə təmizləmə işləri həyata keçirilmişdir.
Eyni zamanda zavodun müxtəlif istehsalat sahələrində – o cümlədən 5 nömrəli istehsalat sahəsində, 54 saylı quğu zonasında və 9 nömrəli maye qazlar parkında yerləşən saxlama tutumlarında və texnoloji xətlərdə mexaniki təmizləmə işləri icra olunmuşdur. Bu proseslər zamanı qabaqcıl texnologiyalar və ixtisaslı texniki personalın bilik və təcrübəsindən istifadə olunmuşdur.
Layihə boyunca görülən bütün işlər yüksək sənaye təhlükəsizliyi, ətraf mühitə minimal təsir və operativlik prinsipləri əsasında həyata keçirilir. Caspian Engineering Solutions bu mühüm layihə ilə Heydər Əliyev adına Neft Emalı Zavodunun texniki infrastrukturuna töhfə verməklə yanaşı, sənaye təmizliyi sahəsindəki peşəkarlığını və etibarlı tərəfdaşlıq mövqeyini bir daha təsdiqləyir.