
Caspian Engineering Solutions (CES) sənaye və enerji sektorunda geniş spektrli mühəndislik, təmir və tikinti xidmətləri göstərən ixtisaslaşmış şirkətdir. İllərlə formalaşmış təcrübəmiz, peşəkar komandamız və müasir texniki imkanlarımızla biz kompleks layihələri yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə icra edirik.
Müxtəlif tip sənaye obyektlərində – neft emalı zavodlarında, kimya və qaz-mədən komplekslərində, enerji stansiyalarında və digər ağır sənaye sahələrində reaktorların, sobaların, separatorların və digər texnoloji qurğuların təmiri və bərpası işlərini yerinə yetiririk. Xüsusilə reaktorların təmiri zamanı, daxili metal örtüklərin yenilənməsi, korroziya əleyhinə tədbirlərin görülməsi və uzunmüddətli istismar üçün texniki hazırlığın təmin olunması əsas hədəfimizdir.
İstismar müddətini başa vurmuş və ya qəzalı vəziyyətə düşmüş boru hissələrinin sökülməsi və yeni, standartlara uyğun borularla əvəz edilməsi də xidmətlərimizin bir hissəsidir. Bu proseslər zamanı qaynaq və texniki nəzarət mütləq şəkildə aparılır, sızma və təzyiq riskləri tam şəkildə aradan qaldırılır.
Kalonların, çənlərin və sobaların təmiri sahəsində müştərinin texniki tələblərinə əsaslanaraq istənilən ölçüdə və həcmli avadanlıqların əsaslı bərpasını həyata keçiririk. Eyni zamanda texnoloji tutumun artırılması və ya dəyişdirilməsi kimi mürəkkəb mühəndislik işlərini də uğurla icra edirik. Separatorlar və qarışdırıcılar kimi dinamik qurğuların balanslaşdırılması, dəyişən hissələrinin təmiri və yenilənməsi sayəsində sistemin dayanıqlığı bərpa olunur.
Neft-kimya sənayesində mühüm rol oynayan məşəl qurğularının, xüsusilə də tac başlıqlarının yüksək riskli mühitdə təmir və texniki xidməti bizim ixtisaslaşdığımız sahələrdəndir. Bu avadanlıqların təhlükəsiz və sabit işləməsi üçün bütün qaynaq, montaj və sınaq işləri xüsusi diqqətlə həyata keçirilir.
İstidəyişdiricilərdə və hava soyuducularında istilik ötürmə effektivliyinin bərpası üçün daxili və xarici hissələrin mexaniki və kimyəvi təmizlənməsi, boru dəstəklərinin (dəstlərinin) dəyişdirilməsi və digər əsaslı təmir işləri aparılır. Qazanxana sistemləri, sobalar və buxar xətləri üzərində həyata keçirdiyimiz qumlama və boyama işləri, avadanlıqların korroziyadan qorunmasını və uzun müddət istifadəyə yararlı qalmasını təmin edir.
Yanacaq çənləri və rezervuarların həm yerüstü, həm də yeraltı hissələri müasir texnologiyalarla yuyulur, qumlanır və yüksək keyfiyyətli örtüklərlə boyanır. Texnoloji borular da eyni şəkildə təmizlənir, rənglənir və müvafiq standartlara uyğun şəkildə hazırlanır. Bu işlər avadanlıqların həm texniki, həm də vizual baxımdan etibarlı olmasını təmin edir.
Rezervuarların texniki yoxlanışı və təmiri zamanı çatlar, korroziya ocaqları və sızma riski yaradan bütün hissələr müayinə olunur və tam təmir edilir. Əgər mövcud rezervuar yenidən qurula bilmirsə, biz sıfırdan çənlərin tikintisini və montajını həyata keçiririk. Tikinti prosesi zamanı texniki layihəyə əsasən, qaynaq və quraşdırma işləri də icra olunur.
Eyni zamanda sənaye sahələrində müxtəlif məqsədlər üçün aparılan söküntü və tikinti-inşaat işləri də xidmət portfelimizə daxildir. Bu işlərə boru xətlərinin, metal konstruksiyaların, platformaların sökülməsi və ya yenidən qurulması, taxtabəndlərin quraşdırılması və sökülməsi, yeni infrastrukturun inşası və digər kompleks texniki əməliyyatlar daxildir.
Hər bir layihədə əsas prioritetlərimiz – texniki təhlükəsizlik, keyfiyyətə nəzarət, təlimatlara uyğunluq və müştəri məmnuniyyətidir. Biz müasir avadanlıq, ixtisaslaşmış işçi qüvvəsi və beynəlxalq standartlara uyğun yanaşmamızla sənaye obyektlərinin təhlükəsiz və davamlı fəaliyyətini təmin edirik.