
2024-cü ildə Caspian Engineering Solutions şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 26 saylı sahəsində yerləşən məşəl qurğusunun tac başlığının təmirinə dair mürəkkəb və böyük həcmli layihəni uğurla icra etmişdir. Bu layihə, mövcud sənaye infrastrukturunun etibarlılığını artırmaq, əməliyyatların təhlükəsizliyini təmin etmək və zavodun fasiləsiz fəaliyyətini davam etdirmək məqsədi daşıyırdı.
Layihə müddətində 22 ton çəkisi olan məşəl tac başlığının qaldırılması üçün 1200 ton qaldırma gücünə malik xüsusi kran istifadə olunmuşdur. Qeyd edilən kranın ərazidə mobilizasiyası üçün 4500 m2 torpaq sahəsi qazılaraq yeni subbase materialı ilə əvəz edilmiş, yükgötürmə (plate load test) və sıxlıq testi (qum konusu) tərəfimizdən yerinə yetirilmişdir. Tac başlığı 120 metr hündürlükdən diqqətlə və təhlükəsiz şəkildə qaldırılmış, mühəndis və texniki heyətin peşəkar nəzarəti altında yerə endirilmişdir. Bu mərhələ yüksək riskli və diqqət tələb edən əməliyyat olduğundan, işçi təhlükəsizliyi və ətraf mühitin qorunması prioritet kimi qəbul edilmişdir. Qaldırma və yerləşdirmə əməliyyatları ən müasir texnologiyalar və avadanlıqlarla təmin edilmiş, heç bir avadanlıq üçün zərər və ya qəzaya yol verilməmişdir.
Yerə endirilmiş tac başlığı təmir üçün xüsusi texniki bazaya daşınmış və burada bütün mexaniki elementləri, korroziyaya uğramış hissələri və digər qüsurları aşkar edilərək geniş təmir işləri aparılmışdır. Təmir prosesində həm mövcud strukturun gücləndirilməsi, həm də zədələnmiş komponentlərin dəyişdirilməsi həyata keçirilmişdir. Bütün işlər sənaye standartlarına uyğun, yüksək keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə tamamlanmışdır.
Təmir işləri başa çatdıqdan sonra, 22 ton çəkisi olan tac başlığı yenidən 120 metr hündürlükdə yerləşdirilmək üçün kran vasitəsilə qaldırılmış və əvvəlki yerinə dəqiq şəkildə montaj olunmuşdur. Montaj zamanı bütün əlaqə nöqtələri, qaynaqlar və quraşdırma elementləri dəfələrlə yoxlanılmış, təhlükəsizlik və sabitlik standartlarına uyğunluğu təsdiq edilmişdir.
Layihənin bir digər mühüm hissəsi məşəl qurğusundakı pillekənlərin və xidmət meydançalarının bərpası olmuşdur. Ümumi 6 ton material işlənmiş, metal konstruksiyaların bərpası, boyanması və korroziya əleyhinə qorunması üzrə genişmiqyaslı işlər görülmüşdür. Bu tədbirlər məşəl qurğusunun həm funksional imkanlarını artırmış, həm də əməliyyat şəraitini və işçi təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Bütün bu işlər yüksək peşəkarlıqla, müasir texniki vasitələrdən istifadə edilməklə və işçi təhlükəsizliyi qaydalarına tam riayət olunmaqla, cəmi 15 təqvim günü ərzində uğurla yekunlaşdırılmışdır. Caspian Engineering Solutions şirkətinin komandası bu layihə ilə sənaye sahəsində mürəkkəb texnoloji prosesləri idarəetmə bacarığını, güclü texniki potensialını və yüksək standartlara cavab verən iş keyfiyyətini bir daha nümayiş etdirmişdir.