Əməkdaşlıq etdiyimiz layihələr çərçivəsində Caspian Engineering Solutions şirkəti olaraq “Azərikimya” İB-nin Etilen-Polietilen zavoduna məxsus “EP-300” qurğusunda həyata keçirilən modernizasiya işlərində mühüm texniki xidmətlər göstərmişik. Zavodun modernizasiya prosesi çərçivəsində əsas hədəf istehsal proseslərinin səmərəliliyini artırmaq, avadanlıqların istismar müddətini uzatmaq və təhlükəsizlik göstəricilərini beynəlxalq tələblərə uyğunlaşdırmaq olmuşdur. Bu məqsədlə müxtəlif avadanlıqlar, boru xətləri və metal konstruksiyalar üzərində geniş spektrli yoxlama və test işləri aparılmışdır.
Qeyri-dağıdıcı testlərə UT, RT, MT, PT, PMI və sərtlik sınaqları, eyni zamanda vizual yoxlamalar daxil olmuş, dağıdıcı testlər çərçivəsində isə dartılma, əyilmə, zərbə möhkəmliyi, mikro və makro struktur analizləri həyata keçirilmişdir. Qaynaq proseslərinin idarə olunması və keyfiyyətə nəzarət məqsədilə WPS və PQR sənədlərinin hazırlanması, qaynaqçıların kvalifikasiyası, qaynaq birləşmələrinin vizual yoxlanması və PWHT prosesi də uğurla icra edilmişdir.
Bundan əlavə, tikinti mərhələsində istifadə olunan inşaat materiallarının – o cümlədən beton, qum, çınqıl və sement nümunələrinin – fiziki-mexaniki xüsusiyyətləri laboratoriya şəraitində təhlil olunmuşdur. Bütün texniki xidmətlər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilmiş və layihənin keyfiyyət tələblərinə tam cavab vermişdir. EP-300 qurğusunda görülən işlər Caspian Engineering Solutions-un kompleks sənaye layihələrində etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.