HAOR – 501 və 503 Nömrəli Çənlərin Yenilənməsi Layihəsi (2023)

 

2023-cü il ərzində Caspian Engineering Solutions şirkəti tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisində yerləşən 501 və 503 nömrəli çənlərin yenilənməsi ilə bağlı genişmiqyaslı texniki işlər uğurla həyata keçirilmişdir. Layihənin əsas məqsədi uzun illər istismarda olmuş və texniki baxımdan tələblərə cavab verməyən çənlərin sökülməsi, onların yerinə müasir standartlara uyğun yeni çənlərin quraşdırılması və çənlərin texnoloji infrastrukturlarının yenilənməsi olmuşdur.

İlk mərhələdə hər iki çənin mövcud konstruksiyası texniki təhlükəsizlik qaydalarına riayət olunmaqla tam şəkildə demontaj edilmişdir. Sökülmüş konstruksiyaların utilizasiyası ilə yanaşı, sahədə təmizlik və bərpa işləri də həyata keçirilmişdir. Daha sonra layihənin texniki çertyojlarına uyğun olaraq hər biri 2000 kubmetr həcmində olmaqla iki yeni çənin inşasına başlanılmışdır. Quraşdırılmış yeni çənlər yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla istehsal edilmiş, montaj prosesi isə texniki nəzarət altında icra olunmuşdur. Qaynaq birləşmələri, ölçü dəqiqliyi və möhkəmlik göstəriciləri beynəlxalq standartlara uyğun olaraq yoxlanılmış, çənlərə korroziyadan mühafizə məqsədilə xüsusi örtüklərlə boya işləri aparılmışdır.

Çənlərə texniki xidmət və təhlükəsiz giriş-çıxış imkanını təmin etmək məqsədilə layihə çərçivəsində metal platformaların və pilləkənlərin hazırlanması və quraşdırılması işləri də həyata keçirilmişdir. Cizgiyə əsasən hazırlanmış bu metal konstruksiyaların ümumi çəkisi altı tona yaxın olmuşdur. Konstruksiyalar əvvəlcə qumlama prosesindən keçirilmiş, ardınca texniki göstəricilərə uyğun olaraq xüsusi boya ilə rənglənmiş və sonda sahədə quraşdırılmışdır. Bu proseslər zamanı həm estetika, həm də uzunömürlülük prinsipləri əsas götürülmüşdür.

Çənlərin texnoloji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli mərhələlərdən biri də yanğın əleyhinə sistemlərin bərpası olmuşdur. Bu məqsədlə ümumilikdə iki çəni əhatə edən iki yüz metrlik yanğın boru xətləri yenilənmiş, nasaz hissələr dəyişdirilmiş və sistemin sızdırmazlığı test edilərək istismara hazırlanmışdır.

Bütün bu işlər ümumilikdə beş ay ərzində həyata keçirilmişdir. Layihə müddətində həm tikinti-montaj, həm də nəzarət-təftiş prosesi Caspian Engineering Solutions-un müvafiq ixtisaslı mühəndisləri tərəfindən idarə olunmuş, işlərin gedişatı boyu keyfiyyətə, təhlükəsizliyə və beynəlxalq standartlara tam riayət edilmişdir. Layihənin uğurla başa çatdırılması şirkətimizin böyükhəcmli sənaye obyektlərində kompleks texniki həllərin reallaşdırılması sahəsində peşəkar potensialını və təşkilati bacarığını bir daha təsdiq etmişdir.